Naxçıvan Muxtar Respublikasının (NMR) Şərur rayonu ərazisində yerləşən Ovçular təpəsində aparılan arxeoloji qazıntılar zamanı qədim təsərrüfat küpləri tapılıb.
AMEA Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutundan Ehmedli.azersayt-a verilən məlumata görə, üzərində qabarıq keçi təsvirləri, qoç fiqurları olan iri küplər eramızdan əvvəl V minilliyə aid edilir.
İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin sözlərinə görə, aparılan tədqiqatlar bu ərazidə təqribən eramızdan əvvəl V minilliyin ortalarından başlayaraq IV minilliyin əvvəllərinə qədər burada yaşayış olduğunu göstərir. Küplərin içində buğda çürüntülərinin, heyvan sümüklərinin tapılması həmin küplərdən ərzaq anbarı kimi istifadə olunduğu qənaəti yaradır.
Ovçular yaşayış yerinin həm Azərbaycanın son Eneolit, həm də Kür-Araz mədəniyyətinn öyrənilməsi baxımından olduqca böyük əhəmiyyət daşıdığını deyən alim üzərində müxtəlif keçi və qoç fiqurları təsviri olan gil qabların, təsərüfat küplərinin tapılmasınının ərazidə təsərrüfatın yüksək səviyyədə inkişafının, həmin dövrdə Naxçıvan ərazisində mədəniyyətin yüksək inkişaf səviyyəsinə çatdığının göstəricisi olduğunu qeyd edib. “Əldə olunan nümunələr həm də Gəmiqaya təsvirlərinin mənşəyi ilə bağlı müəyyən fikir yürütməyə şərait yaradır”—deyə, V. Baxşəliyev bildirib.
Arxeoloji qazınılar zamanı aşkar olunan düzbucaqlı, oval, dairəvi bina divarları, eyni zamanda tuncdan, sümükdən və daşdan hazırlanmış əmək alətləri burada yaşamış əhalinin qədim təsərrüfatını, məşğuliyyətinin, flora və faunasının mənzərəsini elmi faktlar əsasında müəyyənləşdirilməsinə imkan verəcək.
Qeyd edək ki, bu il Naxçıvan MR-də həyata keçirilən arxeoloji qazıntılar AMEA Naxçıvan Bölməsinin əməkdaşları ABŞ-ın Pensilvaniya Universiteti və Fransa Beynəlxalq Araşdırma Mərkəzinin əməkdaşları ilə birgə aparılıb.
Ardı ››